Ağstafada 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və Mərkəzin məsul şəxsləri iştirak ediblər. İclasda Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemnin əməkdaşı Səadət Nağıyeva, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbinin tarix müəllimi Vüsalə Salahova, rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Oruc Mansurov, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Kifayət Əlisgəndərova çıxış ediblər. Çıxış edənlər 26 mart 1998-ci ildə Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanının əhəmiyyəti barədə ətraflı məlumat verdilər. Qeyd olunmuşdu ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 1918-ci il 30 mart tarixindən aprel ayının 3-dək əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc aazərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.