Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar keçirilib

19 aprel 2022 | 10:19

Ağstafa, 18 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Abidələr və tarixi yerlər xalqlara hər an kimliyini xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır. Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Belə tarixi abidələrimizdən biri də öz əzəməti və sirli görünüşü ilə göz oxşayan Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Qoruq Ağstafa rayonunun mərkəzindən 75 kilometr aralıda, Gürcüstan ilə sərhəddə yerləşir.

AZƏRTAC xəbər verir ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində alimlərin və digər qonaqların iştirakı ilə elmi seminar keçirilib. Tədbirdə tədqiqatçılar - Bakı Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, BDU-nun professoru, elmlər doktoru Hüseyn Xəlilov, BDU-nun professoru, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, Əməkdar müəllim İndira Səmədova, rayon ziyalıları, qoruğun elmi işçiləri və əməkdaşları iştirak ediblər.

Seminardan öncə Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbiri qoruğun direktoru Musa Mursaquliyev açaraq bu günün önəmindən, tarixi abidələrimizdən və Prezident İlham Əliyevin tarixi abidələrə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonra qoruq ərazisində, əsasən də burada yerləşən mağaraların divan və tavanlarında əks olunmuş freskalarda uzun müddət elmi-tədqiqat işləri aparmış İmaş Hacıyev çıxış edib, divar boyakarlığının bariz nümunəsi olan freskaların tədqiqi və qorunmasından danışıb.

BDU-nun professorları Hüseyn Xəlilov və Valeh Nəsibov da seminarda elmi məqalələri ilə iştirak edib, Ağstafa rayonunun ərazisindəki memarlıq, dini, tarixi abidələrdən söz açıblar.

Əməkdar müəllim İndira Səmədova çıxış edərək, Azərbaycanda və rayonda yerləşən abidələr haqqında məlumatların gənc nəslə çatdırılması, qorunması, gələcək nəsillərə ötürülməsi sahəsində görülən işlərdən danışıb.

Bölgənin ziyalısı, Ağstafa Dövlət Rəsm Qalereyasının müdiri Gülgün Kərimov qoruğun yaradıldığı ilk günlərdən indiyədək keçdiyi inkişaf yolundan söhbət açıb, qoruğun 15 il əvvəlki vəziyyəti ilə bu gününü müqayisəli şəkildə şərh edib.

Həmçinin Ağstafa rayon Regional Mədəniyyət İdarəsinin, Ağstafa rayon Gənclərinin İnkişafı və Karyerası Mərkəzinin əməkdaşları və könüllüləri də çıxış edərək, bu əlamətdar günlə bağlı öz fikirlərini bölüşüblər.

Qoruğun elmi işçiləri hazırladıqları məqalələri slaydlarla birlikdə təqdim ediblər.

Keçidlər