Ağstafada “Böyük ömrün salnaməsi” başlandı…
Ağstafa rayonunda müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Böyük ömrün salnaməsi” mövzusunda silsilə tədbirlərə start verilib.
İlk ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin böyük akt zalında keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra böyük ölçülü ekranda əbədiyaşar lider Heydər Əliyevin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, səhiyyə işçisi Afət Aslanova, tarix müəllimi Şəfəq Cəlilova, mədəniyyət işçisi Rüfət Axundlu müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu və müasir tariximizin bütöv bir epoxasını özündə ehtiva edən ulu öndərin genişmiqyaslı fəaliyyətindən ətraflı bəhs ediblər.
Ağstafalı gənc müğənni Ramal Balacanovun “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək"! mahnısını ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
https://xalqqazeti.com/az/news/120801