Ağstafada “Çağrıtəpə” abidəsində arxeoloji qazıntılar zamanı Neolit dövrünün izlərinə rast gəlinib
Ağstafada Neolit dövrünə aid “Çağrıtəpə” abidəsində 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılır. Burada üst qat götürülərək növbəti mərhələyə qədəm qoyulacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ekspedisiyasının Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yerinin tədqiqatına başladığı müddətdən 3 il keçir. Bu illər ərzində ekspedisiya qrupu qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edib. İlkin analizlərə görə, ərazinin qədim sakinləri çay ətrafı olduğuna görə burada kompakt yaşayıblar. Son əldə olunan nailiyyətlərdən biri də dairəvi şəkildə yaşanılan kompakt düşərgədə tikililərin aşkar edilməsidir.
Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Museyibli bildirib ki, abidə sovet dövründən məlum olsa da onun tədqiqinə son illərdə başlanılıb. “Burada aşkar olunmuş bütün tapıntılar abidənin Neolit dövrünə aid olduğunu, yəni təxminən 8 min il yaşı olduğunu söyləməyə əsas verir. Bu abidənin qədim sakinləri əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar. Aşkar olunmuş tapıntılar müxtəlif daşdan, obsidiandan, sümükdən hazırlanmış məişət əşyalarından ibarətdir, – deyə N.Museyibli bildirib.
Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Artıq üst qatda aşkara çıxmış maddi mədəniyyət nümunələri götürülərək alt qatlara doğru qazıntı aparılacaq. “Ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, qazıntılar ərazinin Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyəti sistemlərində yerini müəyyənləşdirməyə imkan verir”, – deyə institutun şöbə müdiri əlavə edib.
Tapılan maddi mədəniyyət nümunələrinin analiz və dəqiq tədqiq edilməsi üçün arxeoloji qazıntılar haqqında məlumatın öncə ölkəmizdə nəşri, analizlərdən sonra daha geniş formada tərcümə edilərək digər ölkələrdə çapı nəzərdə tutulur.