Ağstafada Dövlət qulluqçuları üçün kibertəhlükəsizlik və süni intellektdən təhlükəsiz istifadə təlimi keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün kibertəhlükəsizlik və süni intellektdən təhlükəsiz istifadə mövzusunda təlim keçirib.
Təlimin məqsədi dövlət sektorunda rəqəmsal bacarıqları sistemli şəkildə inkişaf etdirmək, dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirmək və əməkdaşların müasir texnologiyalardan səmərəli, təhlükəsiz istifadə bacarıqlarını gücləndirməkdir.
Təşəbbüs çərçivəsində dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişafına, rəqəmsal transformasiyanın isə insan kapitalı ilə dəstəklənməsinə xidmət edir.
Təlim Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndinə uyğun olaraq təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nə əsasən təşkil edilib.






