Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada əmək yarmarkası keçirilib

10 avqust 2022 | 09:24

Respublikamızda sahibkarlığa yaradılan münbit şərait nəticəsində yeni özəl müəssisələrin sayı durmadan artır. Yaradılan müəssisələr ölkədə məhsul bolluğuna zəmin yaratmaqla yanaşı, eyni zamanda, bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Son dövrlərdə Ağstafa rayonunda da bu baxımdan ürəkaçan mənzərə ilə rastlaşmaq olar.

"KÜR FRUT COMPANY" MMC rayonda fəaliyyət göstərən nümunəvi müəssisələrdən biridir. 2017-ci ildən fəaliyyət göstərən müəssisənin rəhbəri Ramiz Nuruyev bildirdi ki, ötən illərdə istehsal olunan məhsul daxili bazarlarda realizə olunmuşdur. Artıq bir sıra xarici ölkələrə ekoloji təmiz, rəqabətədavamlı müxtəlif növ kənd təsərrüfatı məhsulları " MADE İN AZERBAİJAN" brendi altında ixrac olunur. Məqsədimiz mövcud olan meyvə bağlarının ərazisini genişləndirmək, növbəti illərdə işçilərin sayını artırmaqdır. Beləliklə, bölgədə insanların işlə təminatına öz töhfəmizi vermiş olacağıq. Hazırda burada 35 nəfər daimi işlə təmin olunmuşdur.

Avqustun 5-də Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi əsasında Ağstafa rayon xidmət şöbəsində "KÜR FRUT COMPANY" MMC ilə birgə əmək yarmarkası keçirildi. İctimaiyyət və KİV nümayəndələrinin iştiraki ilə keçirilən əmək yarmarkasında iş üçün müraciət edənlərə inzibatçı, aqronom, ofis meneceri, sürücü, budama mütəxəssisi, bağban, anbardar və fəhlə vəzifələri təklif olundu. MMC-nin vakant yerlər haqqında xidmət şöbəsinə verdiyi məlumat əsasında yarmarka baş tutdu.

Məlumat üçün bildirək ki, 31 vakant yer üçün 51 nəfər müraciət etmişdir. Qeyd etmək lazımdır ki, əmək yarmarkasında şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına üstünlük verilmişdir. Müraciət edənlərə yaxın günlərdə işə qəbul ilə bağlı məlumat veriləcəkdir. Vətəndaşlara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında ətraflı məlumat verilib. Əminliklə bildirmək olar ki, bu cür tədbirlər rayonda işsizliyin səviyyəsini minimuma endirəcəkdir.

 

Vəli VƏLİYEV,

"Respublika".

Keçidlər