Ağstafada görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Rayon Mərkəzi Xəstəxanasının akt zalında keçirilən konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, müavinləri və aparatının şöbə müdirləri, eləcə də tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Seymur Orucov çıxışında Zərifə xanım Əliyevanın müstəqil Azərbaycanın qurucusu, ömrünü xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmasını söyləyərək, onun elmi-pedaqoji, ictimai fəaliyyəti, ölkəmizdə oftalmologiya elminin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib.
Çıxış edən ağstafalı həkimlər akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiyanın inkişafına verdiyi dəyərli töhfələrdən söz açaraq bildiriblər ki, böyük alim olmaqla yanaşı, ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir.
Tədbirdə rayonun səhiyyə sahəsəində fəaliyyətlərində fərqləndiklərinə görə Carçıyev Teyyub Nüsrət oğlu, Mamayev Rövşən Meydan oğlu, Əsgərova Sücayət Əhməd qızı, Qaravəliyeva Mətanət Mücahid qızı, Abbasova Aidə Sərdar qızı, Namazov İqbal Fazil oğlu, Qayıbova Pərvanə Qasım qızı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq fəxri fərman və hədiyyələri ilə təltif olunublar.