Ağstafada “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev rəssamların əsərlərində” adlı uşaq, yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi keçirilib
Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev rəssamların əsərlərində” adlı uşaq, yeniyetmə və gənclər arasında keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Ağstafa şəhər 3 saylı tam orta məktəbində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, o cümlədən Rayon İcra Hakimiyyəti ilə müsabiqənin birgə təşkilatçıları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Sektorunun, Ağstafa Regional Mədəniyyət İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, Ağstafa “Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul şəxsləri iştirak ediblər.
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevə olan sevgi və məhəbbətlərinin tükənməzliyini fırçaları ilə ifadə edən ağstafalı yeniyetmə və gənclərin rəsmləri böyük maraqla qarşılanıb.
Fevral ayının 6-dan elan edilmiş müsabiqənin yekun nəticələrinə əsasən 1-ci, 2-ci və 3-cü yerləri tutmuş rəsmlərin müəllifləri Ağstafa RİH-in Sertifikatları və hədiyyələri, həmçinin fərqlənən digər iştirakçılar müvafiq Fəxri Fərmanlarla təltif olunublar.