Ağstafada “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Aprelin 19-da “Heydər Əliyev İli” ilə əlaqədar YAP Ağstafa rayon təşkilatı və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Ağstafa rayon Aqrar Sənaye Kompleksinin akt zalında keçirilən tədbirdən öncə Ulu Öndərin şəkillərindən ibarət fotosərgiyə baxış keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, 2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzun müddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır. Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Milli Məclisin deputatı Ülviyyə Ağayeva vurğulayıb ki, dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır. Tədbirdə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəsna fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir. Bu gün Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz Heydər Əliyevin ideyaları əsasında ölkəmizin maraqları naminə praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Zəfər zirvəsinə yüksəlmişdir.