Ağstafada “Heydər Əliyev – Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib
31 dekabr 2023 | 12:19
Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev – Tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib.
Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, müasir müstəqil Azərbaycanın dövlətçilik tarixi dedikdə ilk olaraq xalqımızın Ümummilli Lideri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş dahi rəhbər Heydər Əliyevi xatırlayırıq. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Hər birimiz istənilən bir sahənin inkişaf tarixinə nəzər saldıqda ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunduğunun şahidi oluruq. Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir.
YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev mövzuya dair geniş məruzə ilə çıxış edərək Ulu Öndərin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərdən, zəngin həyat və fəaliyyətindən söz açıb.
Tədbirdə həmçinin RİH başçısı Ağstafa rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlif bilik yarışlarının və müsabiqələrin qaliblərini Fəxri Fərman və hədiyyələrlə təltif edib. Sonda qaliblərlə xatirə fotosu çəkdirilib.