Ağstafada “Heydər Əliyev və Azərbaycanın milli maraqlarına əsaslanan dövlət siyasəti” mövzusunda tədbir keçirilib
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan və xalq qarşısında misilsiz tarixi xidmətlərindən bəhs edən film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutduğunu söyləyərək qeyd edib ki, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yürütdüyü yeni xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdəki təcrid vəziyyətdən çıxarıldı, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyə son qoyuldu, xalqımızın haqq işi dünya ictimaiyyətinə olduğu kimi çatdırılaraq respublikamız ətrafındakı informasiya blokadası tamamilə aradan qaldırıldı, ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev müqəddəs ata vəsiyyətini yerinə yetirərək otuz ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edilməsi ilə yazılan xalqımızın tarixi Zəfəri məhz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə çıxış edən digər natiqlər – YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Tatlı kənd tam və Yaradullu ümumi orta məktəblərin müəllimləri Aqşin Quliyev və Şəfəq Cəlilova geniş məruzələrlə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın quruculuğuna verdiyi misilisiz töhfələrdən söz açıblar.
Tədbirdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş şahmat üzrə açıq Ağstafa rayon birinciliyinin qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman və hədiyyələri ilə təltif olunub, eyni zamanda, bir qrup şəxsə YAP Ağstafa rayon Təşkilatının Fəxri Fərmanları və yeni partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin Vətənə, Ümummilli Liderin xatirəsinə həsr etdikləri bədii proqramla davam etdirilib.