Ağstafada "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Gənclər Evi sosial xidmət müəssisəsində keçirilən tədbirdə müəssisənin, RİH-in, rayon Heydər Əliyev Mərkəzinin, rayon üzrə Gənclər və İdman sektorunun, xalq şairi Hüseyn Arifin ev-muzeyinin, Keşikçidağ Dövlət Tarix-mədəniyyət Qoruğunun, Tarix Diyarşünaslıq Muzeyinin, Ağstafa Peşə məktəbinin gənc əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Firəngiz İsmayılova, Rövşanə Mahmudova, Mətanət Qəfərova, Firuzə Məmmədova mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ulu Öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə daim qayğı və diqqət göstərir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə dövlətimizin onlara göstərdiyi yüksək etimadı layiqincə doğruldurlar.