Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilib
17 iyun 2026 | 18:10
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və məsul əməkdaşlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunub. Qəbul edilən qanun və qərarlar insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə təminat verir.
Digər natiqlər, Ağstafa Rayon Polis Şöbəsinin Kadr və Peşə hazırlığı üzrə baş isnpektoru Nurlan Niyazlı, Ağstafa şəhəri, 3 nömrəli tam orta məktəbinin direktor müavini Şəfəq Heydərli və Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov çıxışlarında Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində görülən işlər, bu sahədə fəaliyyət göstərən təsisatların rolu, beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində qəbul edilmiş öhdəliklər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.






