Ağstafada “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihəyə start verilmişdir
2023-cü ilin “Heydər Əliyev ili “ elan edilməsi ilə bağlı Ağstafa rayonununda keçirilməsi nəzərdə tutulan “Tədbirlər Planı”na və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təsdiqlənmiş iş planına uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi - 3” adlı layihəyə start verilmişdir. Arxeoloji qazıntı işləri Keşikçidağ Kurqanlar Vadisinin ərazisində yerləşən Qarasoy 1 saylı kurqanda aparılır. Qazıntı işlərinin bu ərazidə aparılmasında əsas səbəb odur ki, 1948-1991-ci illərdə Sovet ordusunun hərbi poliqonu yerləşmiş, çoxlu sayda səngər qazılmış və qəbir abidələrinin bir hissəsi yararsız hala düşmüşdür. Bu abidənin içərisində iki kurqan seçilmişdir ki, öncə Qarasoy 1 saylı kurqanda arxeoloji , Qarasoy 2 saylı kurqanda isə kəşfiyyat xarekterli qazıntı işlərinin aparılması nəzərdə tutulur. Ağstafa rayon gənc könüllüləri 15.09.2023-cü il tarixində ““Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla yaxından tanış olmaq məqsədilə Qarasoy kurqanlarında olmuşlar. Qazıntılara rəhbərlik edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov könüllülərə ətraflı məlumat verərək qeyd etmişdir ki, kurqanın üst qatı torpaq və çınqıl örtüklüdür, kənardan üzəri kromlex formadır. Diametri 25m, radiusu 12,5m, yer səviyyəsindən hündürlüyü təxminən 1m 40 sm - 2m - dir. Kromlex formalı daşların təxminən eni 40-60sm, uzunluğu 50 sm -1m, qalınlığı 30-40 sm, ümumi olaraq bu daşların ilkin sayı məlum deyil.
Daha sonra gənc könüllülər qoruğun informasiya mərkəzində sərgilən, qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələri ilə tanış oldular.