Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Heydər Əliyev İrsi və Konstitusiyamız" adlı tədbir keçirilib
07 may 2025 | 11:04
2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə Ağstafa RİH-in, Ağstafa rayonu üzrə Təhsil, Gənclər və İdman sektorlarının məsul əməkdaşları, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin könüllüləri, Qazax Dövlət Sosial-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Ağstafa rayonu Həsənsu tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə ilk öncə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra böyük ölçülü ekranda Ulu Öndərin xalq, Vətən qarşısındakı misilisiz xidmətlərindən bəhs edən "Tarixin izi ilə" sənədli filminə tamaşa olunub.
Çıxış edən natiqlər – Ağstafa RİH başçısı aparatının baş məsləhətçisi Hamil Həsənov, Ağstafa Gənclər Evinin direktoru Nicat Vəkilov, Qazax Dövlət Sosial İqtisad Kollecinin şöbə müdiri Elvira Əfəndiyeva, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin sədri Qoşqar Yaqubov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir. Bu sahədə aparılan işlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd edirik.
Tədbir Ağstafa şəhər Hüseyn Arif adına musiqi məktəbinin kollektivinin təqdim etdiyi bədii proqramla davam etdirilib.