Ağstafada “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbirlər keçirilib
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması barədə Komissiyanın 2023-cü il üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbirlər Tatlı kənd və Qaçaq Kərəm kənd tam orta məktəblərində təşkil olunub.
Maarifləndirici tədbirlərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Zakir Nəsibov, Leyla Zeynalova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa sektorunun aparıcı-məsləhətçisi Əli Əliyev, eləcə də Tatlı kənd tam orta məktəbin müəllimləri, Şəhla Musayeva, Namidə Cəfərova, Qaçaq Kərəm kənd orta məktəbin müəllimləri, Sədayə Bilalova və Aybəniz Məmmədova mövzuya dair məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir, bu cür halların qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin siyasətində ən mühüm istiqamətlərdən biridir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
Tədbirlər qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.