Ağstafada Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramı günü qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 14 may tarixli 494 Sərəncamı ilə 5 iyun ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı kimi qeyd olunur. Hər il olduğu kimi bu ildə Ağstafada meliorasiya və su təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etdilər. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Məmmədov, “Ağstafaçay” Hidroqovşağı İstismarı İdarəsinin, Ağstafa Suvarma Sistemləri İdarəsinin və 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal Sahəsinin kollektivləri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Ümumilli Lider Heydər Əliyevin Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulamış, ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən dövlət dəstəyi sayəsində əhalinin içməli su təchizatının, suvarma suyu ilə təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü və təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirmişdir.
Tədbirdə bu sahədə fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra işçilər müvafiq fəxri fərmanlarla təltif olunmuşdur. Çıxış edənlər meliorasiya və su təsərrüfatı işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlıqlarını ifadə ediblər.