Ağstafada “Nəsildən Nəsilə: Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib.
Qərbi Azərbaycan əsilli şəxslərin, məsul şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirak ilə keçirilən tədbir Həsənsu kənd tam orta məktəbin akt zalında Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon Ağsaqqallar Şurasının və "Qərbi Azərbaycan İcması"nın Qazax-Ağstafa nümayəndəliyi ilə birgə təşkil olunub. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağstafa RİH başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, 1948-1953-cü illərdə və 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya və qovulma nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından ayrı düşdüyünü və bu gün onların varisləri burada toplaşaraq həmin həqiqətləri gələcək nəsillərə çatdırmaq missiyasını daşıdıqlarını bildirib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soydaşlarımızın ləyaqətlə öz tarixi torpaqlarına qayıdış hüququnun təmin olunması istiqamətində ardıcıl iş aparıldığını qeyd edib. Daha sonra çıxış edənlər Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Bakı Dövlət Universitetinin müəllimi Qismət Cəfərov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa nümayəndəliyinin üzvü Səkinə Cəlilova, Tatlı kənd tam orta məktəbin direktoru Fəridə Həsənova, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev və digərləri mövzu ətrafında geniş məzmunlu çıxış edərək Qərbi Azərbaycana bağlı tarixi faktları gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladılar. Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.






