Ağstafada növbəti qanvermə aksiyası keçirilib
Ağstafa rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən növbəti qanvermə aksiyası təşkil olunub.
Mərkəzin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları, aksiyada iştirak etmək arzusunda olanların sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verilib.
Ölkəmizdə könüllü qanvermə ənənəsinə növbəti dəfə fəal şəkildə dəstəyini nümayiş etdirən ağstafalıların iştirak etdiyi nəcib aksiyada tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Donorlar bu cür nəcib aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və sağlamlıq durumu imkan verən hər kəsi də qanvermədə fəal iştirak etməyə çağırıblar.