Ağstafada su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür çayına balıq körpələri buraxılıb
“2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu qəsəbəsi ərazisində su bioresurslarının artırılması və qorunması məqsədi ilə Kür çayına balıq körpələrinin buraxılması mərasimi təşkil olunub.
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Xidmətin məsul əməkdaşları Samir Süleymanov və Vüsal Xankişiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, YAP Ağstafa rayon Təşkilatının könüllüləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə dövlətimiz tərəfindən bir sıra mühüm təşəbbüslər həyata keçirilir. Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin qarşısının alınması, ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirindən qorunması kimi mühüm tədbirlərin icrasından geniş bəhs olunub. Vətəndaşların balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən qəti şəkildə imtina etməyə çağırılıb. Bildirilib ki, gələcəkdə Ağstafa rayon ərazisində bu cür aksiyaların davamlı olması üçün müvafiq tədbirlər görüləcəkdir.