Ağstafada sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadə məsələləri müzakirə olunub
"Su ehtiyatlarından səmərli istifadəninin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın Qərarına uyğun olaraq "Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrfatı Nazirliyi, "Azmelsutəsərrüfat" ASC və "Azərsu" ASC tərəfindən aidiyyəti üzrə sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işlərinin daha da gücləndiriılməsi" barədə Ağstafa RİH başçısı aparatının inzibati binasında tədbir keçirilib.
Tədbirdə Ağstafa RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun məsləhətçisi Mikayıl Cabbarov, Meliorasiya Elmi Tədqiqatlar İnstitutunun Suvarma şöbəsinin müdiri Elman Rufullayev, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin müdiri Firidun Əmiraslanov, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, yerli fermerlər iştirak ediblər.
Tədbirdə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, kənd təsərrüfatının inkişafı, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində ölkəmizdə suya olan tələbat ildən-ilə artır. Ona görə də, əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir.