Ağstafada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi gününə həsr olunmuş karate üzrə uşaq və yeniyetmələr arasında birincilik keçirilib
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ağstafa Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi gününə həsr olunmuş karate üzrə uşaq və yeniyetmələr arasında birincilik keçirilib. Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək bildiriblər ki, 1969-cu il 14 iyul günü Azərbaycanın inkişaf tarixində xüsusi yeri olan bir dövr kimi əbədiləşdi. Məhz həmin tarixdən başlayaraq respublikanın ictimai -siyasi, sosial iqtisadi həyatında köklü islahat aparıldı. Respublikada aqrar-sənaye sahəsində sürətli inkişaf həyata keçirilərək, elm, təhsil, mədəniyyət və bir çox sahələrdə böyük nailiyyətlər əldə olunduğu qeyd olunub. Açılış mərasimindən sonra idmançılar arasında birincilik uğrunda gərgin mübarizə şəraitində yarış davam etdirilib. Yarışda Ağstafalı idmançılarla yanaşı Qazax və Tovuz rayonlarından olan idmançılar da mübarizəyə qatılıblar. Ümumilikdə birincilikdə 57 nəfər yeniyetmə idmançı iştirak edib. Yekunda qalib idmançılar diplom və medallarla təltif olunub.