Ağstafada Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib
Ağstafa RİH başçısı aparatının konfrans zalında keçirilən tədbirdə Seymur Orucov, müavinləri, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri və onların havadarları tərəfindən törədilmiş Xocalı qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayət idi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini ala bildi. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdıraraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qazandığı şanlı Zəfər nəticəsində ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etməklə yanaşı, bütün şəhidlərimizin, Xocalı soyqırımının günahsız qurbanlarının qisasını da almış oldu.
Tədbirdə digər natiqlər, Ağstafa Rayon Prokurorluğunun böyük müstəntiqi Toğrul Həsənov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Solmaz Nağıyeva, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllülər üzrə kordinatoru Ayşə Qasımova və Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev erməni faşizminin qanlı əməli kimi XX əsrin ən böyük bəşəri cinayətlərindən olan Xocalı soyqırımı haqqında geniş məruzələrlə çıxış ediblər.