Ağstafalı atlet Ağa Əliyev ölkəmizdə ilk dəfə keçirilən 100 km məsafəyə ultramarafonda 2-ci olub
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilmiş qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda 50-yə yaxın iştirakçı mübarizə aparıb.
Yarışa gecə saat 3:00-da start verilib. Yekunda Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan atlet Ağa Əliyev 8:31.22 nəticə ilə 2-ci yeri tutub. Artyom Əliyev isə finişə 3-cü gəlib. Qadınlar arasında Leyla Abdinova (10:57.57) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek 2-ci, Cəmilə İrəfiyeva isə 3-cü olub.
Qaliblərin mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər.
Gənc idmançımızı Agstafa idman ictimaiyyətinin adından təbrik edir fəaliyyətində uğurlar arzulayırıq.