Ağstafalı fermerlər günəbaxan sahələrindən bol məhsul götürürlər
Ağstafa rayonunda 1166 hektar sahədə günəbaxan becərilib. Bu rəqəm ötən ilkindən 136 hektar çoxdur. Məhsulun yığımı kombaynlar vasitəsilə həyata keçirilir. Bitkinin yığımına keçən ayın ortalarından start verilib. Üç ildir günəbaxan bitkisi becərən fermer Nurəddin Məmmədov bu il 15 hektar sahədə məhsul əkib. Son illər günəbaxana marağın artdığını deyən fermer günəbaxan sahəsini növbəti illərdə daha da genişləndirməyi planlaşdırıb. “Əvvəlki illərlə müqayisədə indi texnika sarıdan korluq çəkmirik. Rayona gətirilən müasir texnikalarla məhsulumuzu yığırıq. Bu zaman itkiyə də yol verilmir”, – deyə fermer bildirib.
Günəbaxan becərməyin sərfəli olduğunu deyən təsərrüfat sahibləri bildiriblər ki, onun dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə mal-qara yemi kimi istifadə edilir. Günəbaxanın təmizlənməsi, çeşidlənməsi də texnikalar vasitəsilə həyata keçirilir. “Məhsuldarlığımız yaxşıdır, qənaətbəxşdir. Hazırda məhsulu sahədən götürüb xırmana tədarük edirik. Məhsul xırmanda yaxşı qurudulmalıdır ki, tumunda acılıq, başqa dadlar olmasın. Ona görə də günəş şüaları altında tam qurumalıdır. Sonra da günəbaxanı kisələrə yığıb öz anbarımıza tədarük edirik”, – deyə təsərrüfat sahibi Mahir Muğalov əlavə edib.
Sahələrdən toplanan məhsul 3-4 gün ərzində quruma prosesindən keçir. Təxminən 4 dəfə suvarılmalı olan günəbaxanın bir hektarına fermer təxminən 700-800 manat vəsait xərcləyir. Yaxşı qulluq ediləndə bitkinin tumu da istənilən irilikdə olur.
Ötən il günəbaxan tumunun kiloqramı 80 qəpik, 1 manata satılıb. Bu il bu qiymətin bir qədər artacağı gözlənilir.