Ağstafalı müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi abidələrimizin təbliğində təhsilin rolu” adlı intellektual müsabiqə keçirilib
Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin "Tədbirlər Planı"na uyğun olaraq rayonun 32 ümumtəhsil müəssisəsinin müəllimlərindən ibarət komandalar arasında keçirilən müsabiqə RİH, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəb binasının idman zalında təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni səsləndirilib.
İntellektual müsabiqə təşkilatçılar tərəfindən açıq elan olunub, yarışın qaydaları, mahiyyəti barədə komandalar təlimatlandırılaraq diqqətə çatdırılıb ki, intellektual tədbirin təşkilinin əsas məqsədi ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, tarixi abidələrimizin təbliği işinin genişləndirilməsi və tədris prosesində şagirdlərə daha dolğun şəkildə aşılamaqdan ibarətdir. Qeyd olunub ki, Ulu Öndər bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Bununla yanaşı Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəni irsi daim Ümummilli Liderin diqqət mərkəzində olmuşdur.
Sualların çətinlik səviyyəsinə görə üç mərhələdə aparılan müsabiqədə müəllimlər Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri, işğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin, o cümlədən bölgəmizin tarixi irsinə həsr olunmuş 50 sual üzrə yarışıblar. Yekun nəticələrə əsasən qalib elan olunmuş komandalar müxtəlif nominasiyalar üzrə sertifikatlarla mükafatlandırılıb, onlara qoruğa məxsus çap məhsullarından ibarət çanta və hədiyyələr təqdim edilib.
Tədbir iştiakçıları həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olub, qoruq əməkdaşları tərəfindən geniş məlumatlar əldə ediblər.