Ağstafalı şagirdlər “Heydər Əliyev məktəbi”ndə təşkil olunan dərslərdə fəal iştirak edirlər
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin nəzdində Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə “Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində dərslərin təşkili uğurla davam etdirilir. "Heydər Əliyev və muzeylərimiz" mövzusunda keçirilən növbəti dərsin iştirakçıları Köçəsgər kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri olublar.
Əvvəlcə şagirdlər mərkəzlə tanış olub, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumatlar əldə ediblər. Məktəbin dil-ədbiyyat müəllimi Sona Alıyeva şagirdlərin diqqətinə çatdırıb ki, Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev Mərkəzləri respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisədir. Dərs zamanı qeyd olunub ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Onun təşəbbüsü ilə Respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunub.
Dərs prosesi, eləcə də ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi şagirdlərin böyük marağına səbəb olub.