Ağstafalı yeniyetmə və gənclər üçün piknik təşkil olunub
Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Həsənsu çayının ətrafında təşkil olunan piknikin əsas məqsədi yeniyetmələrlə gənclər arasında birliyin təşviqi, onların intellektual səviyyəsinin artırılması, eyni zamanda, məktəblilərin yay tətilini daha mənalı və yaddaqalan etməkdən ibarət olub.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə sektorunun müdiri Turan Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər hərtərəfli qayğı ilə əhatə olunur, onların vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda yetişmələri, yüksək səviyyəli təhsil almaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları üçün bütün zəruri tədbirlər görülür. Öz növbəsində hər bir yeniyetmə və gənc də ölkəmizdə yaradılan bu əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirməlidir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, həmçinin bütün sahələrdə inkişafına öz layiqli töhfələrini vermək Azərbaycan gəncinin başlıca vətəndaşlıq borcudur.
Müxtəlif növ stolüstü dama yarışları, musiqili-əyləncəli müsabiqələr, nahar və çay süfrəsinin təşkil olunduğu piknik, iştirakçılarda yeni xüsusiyyətlər kəşf etməsi və xoş anlarla yadda qalıb.