Ağstafanın Gürcüstanla həmsərhəd Sadıqlı kəndində Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair maarifləndirici tədbir keçrilib
13 mart 2025 | 17:27
Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədilə keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sadıqlı kənd tam orta məktəbin akt zalında keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional Bölməsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin əməkdaşları, eyni zamanda, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən məsul şəxslər Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə geniş məruzələrlə çıxış edib, vacib məlumatları diqqətə çatdırıblar.
Tədbir iştirakçılarına qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.