Ağstafanın ümumtəhsil müəssisələrində “Şagird və müəllimlər arasında sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda tədbirlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən “şagird və müəllimlər arasında sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda tədbirlər keçirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş müvafiq Tədbirlər Planına uyğun keçirilən maarifləndirici tədbirlər Ağstafa RİH və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirlərdə təşkilatçıların məsul şəxsləri, məktəblərin kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Mövzuya dair geniş məruzələrlə çıxış edən həkimlər sağlamlığın qorunması, uşaqlar, yeniyetmə və gənclər arasında narkomaniya və dgər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi barədə, eləcə də “Uşaqların zərərli informasiyadan qorunması” barədə mühüm məlumatlar veriblər. Həmçinin uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb.