Ağstafanın Vurğun qəsəbəsindən olan şəhidimiz Orxan Elxan oğlu Novruzəliyev izdihamla son mənzilə yola salınıb
11.05.2023-cü il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat zamanı xidməti döyüş tapşırığını şərəflə yerinə yetirərkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadə şəhid olmuşdur.
Bu gün Vətən oğlu ilə Ağstafa rayonunun Vurğun qəsəbəsində, doğma evində vida mərasimi keçirilib və şəhidimiz doğulub boya-başa çatdığı qəsəbənin qəbiristanlığında izdihamla dəfn olunub. Dəfn mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Seymur Orucov Üçrəngli Azərbaycan Bayrağını şəhidin atası Elxan Novruzəliyevə təqdim edib.
10.12.1998-ci il təvəllüdlü Orxan Novruzəlizadə ailədə iki qardaş, iki bacı idi və evin son beşiyi idi. O, zəhmətkeş ailədə böyümüşdü. Orxanı tanıyan hər kəs ona sakit təbiətli, vətənsevər, layaqətli bir gənc olduğu üçün rəğbət bəsləyirdi. O, 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!