Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ağstafada “Uşaq əməyinin istismarının qarşının alınması” mövzusunda təlim keçirilib
Ağstafa rayon Heydər Əliyev Mərkəzində baş tutan təlim Ağstafa, Tovuz, Şəmkir və Qazax rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, kiçik və orta bizneslə məşğul olan sahibkarlar, rayon polis idarələrinin post patrul xiidmətinin manqa komandirləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən Dövlət Komitəsinin əməkdaşı Şəbnəm Cəfərova iştirakçılara Komitənin müvafiq sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Daha sonra Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Fəridə Hacıyeva ekspert qismində çıxış edərək, iştirakçılara uşaq əməyinin formaları, uşaq əməyinin istismarı ilə mübarizə istiqamətində qəbul olunmuş beynəlxalq konvensiyalar və onların yaratdığı öhdəliklər, qanunvericiliklə müəyyən edilmiş əmək normaları və digər imtiyazların tətbiqi barədə geniş məlumat verib.
Tədbirin sonunda ekspertlər və Dövlət Komitəsinin əməkdaşı Həsən Əliyev tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.