Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar İnnovasiya Festivallarının növbəti ünvanı Ağstafa rayonu olub

25 avqust 2023 | 18:28

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Ağstafa rayonunda keçirilib.

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-də təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, “Rosspeçmaş” Assosiasiyasının direktoru Alla Elizarova, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Nəcəfov, Azərbaycan Toxumçuluq Assosiasiyasının sədri Mədinə Əliyeva iştirak ediblər.

 Festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

         Toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb. Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə “Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı” mövzusunda təlim keçirilib. Toxumçularla müzakirələr aparılıb, fermerləri maraqlandırılan suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib. 

Festival çərçivəsində toxum sərgi-satış yarmarkası, kənd təsərrüfatı təyinatlı texnologiya və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü - 2023” keçirilib.

         Festivalda Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.

         Festival zamanı “Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib.

Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri  öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.

Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndəsliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzuda dəyirmi masa  keçirilib. Dəyirmi masa ətrafında yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb.

Həmçinin bir çox seqmentlərin cəmləndiyi festivalda birgə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya  və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.

         Qeyd edək ki, Ağstafa rayonunda təşkil edilən festival Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən sayca 20-ci tədbirdir.

Növbəti festival 31 avqust tarixində Qusar rayonunda keçiriləcək.

 

Keçidlər