Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutu Ağstafa rayonunda maarifləndirici tədbir keçirib

25 aprel 2025 | 09:27

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti və təhsil imkanları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq, eləcə də 2025–2026-cı tədris ili üzrə yüksək intellektə və savada malik gəncləri cəlb etmək məqsədilə ölkənin müxtəlif bölgələrində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir.

Bu istiqamətdə növbəti səfər Ağstafa rayonuna həyata keçirilib. Tədbirdə institutun Dinşünaslıq kafedirasının müdiri Fəlsəfə doktoru dosent Anar Qafarov şagirdlərə Aİİ-nin ixtisasları, tədris proqramları, qəbul şərtləri, eləcə də tələbələrə təqdim edilən imkanlar – təqaüd sistemi, yataqxana şəraiti, praktik fəaliyyət və xarici əlaqələr barədə ətraflı məlumat verib.

Tədbir zamanı Aİİ-nin əsas məqsədinin milli-mənəvi dəyərlərə sadiq, elmi biliklərə yiyələnmiş, tolerant və sağlam düşüncəli gənclərin yetişdirilməsi olduğu vurğulanıb.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov da tədbirdə iştirak edib. O, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və bölgə məktəblərində bu cür maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

Görüş qarşılıqlı sual-cavab və diskussiya şəklində davam edib. Şagirdlər təhsil prosesi və qəbul qaydaları ilə bağlı onları maraqlandıran suallara ətraflı cavab alıblar.

 

Keçidlər