Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan" qəzeti: Ağstafa kəndlisinin üzü gülür

03 avqust 2022 | 17:45

Son illər Azərbaycanda qeyri-neft sektorunun əsas sahəsi olan kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət verilir. Bunun təsadüfi olmadığını bilmək üçün təkcə son aylar dünyada baş verən məlum hadisələri təhlil etmək kifayətdir. 
Qeyd etmək lazımdır ki, iki ilə yaxın hökm sürən pandemiya dövründə ölkəmizdə aqrar sektorun fəaliyyəti zəifləməmiş, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilmişdir. Aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək verilməsi fermerlərdə stimul yaratmış, onları daha yaxşı işləməyə, yüksək göstəricilərə nail olmağa səfərbər etmişdir. Bu gün də kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təminatına töhfə verməyə geniş imkanlar mövcuddur. 
Ağstafa rayonunun fermerləri də bu imkandan istifadə etməklə son illər kənd təsərrüfatının əksər sahələri üzrə uğurlara imza atmışlar. Ötən təsərrüfat ilində 9071 hektarda taxıl əkən fermerlər hər hektardan 34,7 sentner taxıl götürmüşlər. Bundan başqa,  394,1 hektarda qarğıdalı, 713 hektarda kartof, 1030 hektarda günəbaxan, 92,3 hektarda paxlalı bitkilər, 575 hektarda tərəvəz becərən ağstafalılar yüksək göstəricilərə nail olmuşlar. Onlar məhsuldarlığı qarğıdalıda 36, kartofda 313, günəbaxan bitkisində 17, paxlalı bitkilərdə 16,8 sentnerə çatdırmışlar.  
Rayonda ilk dəfə üzümçülükdə ən yüksək göstəriciyə nail olunmuşdur. Hazırda rayon ərazisində 496 hektar üzüm bağı mövcuddur və onun 469 hektarı bar verəndir. İl ərzində rayon üzrə 7358 ton üzüm yığılmışdır. Məhsuldarlıq 156 sentnerə çatmışdır. Bağlardakı mövcud vəziyyət onu deməyə əsas verir ki, bu il məhsuldarlıq daha çox olacaq.
 Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də rayonda xeyli işlər görülmüşdür. Belə ki, ötən il  süni yolla mayalandırılmış 1783 baş inək və düyələrdən 942 baş buzov alınmışdır. Bundan başqa, rayon üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 358 arıçı qeydiyyatdan keçmiş və 6980 aktiv arı pətəkləri bəyan edilmiş, dövlət tərəfindən verilən subsidiya hər bir fermerin şəxsi kart hesabına köçürülmüşdür.
Keçən il qazanılmış uğurları rayon fermerləri son hədd hesab etmirlər. Əkin sahələrini bir qədər də genişləndirən rayon taxılçıları cari ilin məhsulu üçün 9015,6 hektarda taxıl səpini aparmışlar ki, onun da 6952,6 hektarı buğda və 2063 hektarı arpa olmuşdur. Hazırda zəmilərdə son biçin aparılır. İndiyədək hər hektardan 36,5 sentner buğda, 28,7 sentner arpa  yığılmışdır. Əvvəlki illərdə olduğu kimi, builki məhsul yığımında da "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC fərqlənir. İndiyədək kompleks 1404 hektarda biçin aparmışdır. Fermerlərdən Asif Allahverdiyev 52, Araz Abbasov isə 150 hektarda biçini başa çatdırmışlar.
Bundan savayı, cari təsərrüfat ilində rayon üzrə 417,1 hektar qarğıdalı, 99,2 hektar paxlalı bitkilər, 1166 hektar günəbaxan, 715 hektar kartof, 622,4 hektar tərəvəz, 82 hektar bostan və 4699,5 hektar sahədə yonca əkilmişdir ki, həmin sahələrdən də bol məhsul gözlənilir.
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Ağstafalılar  zəhmətlə yetişdirdikləri məhsulları itki vermədən yığıb tədarük etmək üçün əllərindən gələni əsirgəmirlər. Bilirlər ki, bu gün çəkdikləri əziyyətin bəhrəsini sabah dolanışıqlarında hiss edəcəklər.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçidlər