Beynəlxalq Uşaqlar Günü münasibəti ilə “1 İnci Psixoloji və Nitq Mərkəzi”ndə uşaqlar üçün ödənişsiz konsultasiyalar və diaqnostika yoxlanışları həyata keçirilib
1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibəti ilə Ağstafa şəhərində fəaliyyət göstərən “1 İnci Psixoloji və Nitq Mərkəzi”ndə uşaqlar üçün ödənişsiz loqoped, psixoloq konsultasiyalar, refleksoloq müayinəsi, erkən inkişaf və diaqnostika yoxlanışları həyata keçirilib. Aksiyadan yüzdən çox uşaq, o cümlədən şəhid və qazilərimizin övladları yararlanıblar.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, “1 İnci Psixoloji və Nitq Mərkəzi”inin direktoru Musa Nəsibov və digərləri çıxış edərək aksiyanın yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, suveren Azərbaycanın tərəqqisi, qalib xalqımızın firəvanlığı məqsədi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət ölkəmizdə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların xoşbəxt həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən cəmiyyətin həssas və kövrək təbəqəsi olan uşaqlara dövlətimizin diqqət və qayğısı günbəgün daha da yüksəlir.






