Bəzi sosial şəbəkələrdə Ağstafada görülən işlərə kölgə salaraq həqiqətə uyğun olmayan qərəzli məlumatlara dair
Məlumdur ki, ölkədə demokratiyanın inkişafında söz azadlığının reallaşmasında mətbuat işçilərinin üzərinə mühüm vəzifələr düşür. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi informasiya vasitələrində çalışan “mətbuat işçiləri” yerlərdə görülmüş işlərlə, real vəziyyətlə tanış olmadan şəxsi məqsədləri fonunda yalan, qərəzli məlumatlar yayaraq özlərinin çirkin məqsədlərinə nail olmağa çalışırlar. Son dövrlər bəzi sosial şəbəkələrdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucovun gördüyü işlərə kölgə salaraq həqiqətə uyğun olmayan qərəzli və yalan məlumat yayılması mətbuat işçisinin jurnalist araşdırıması kimi deyil, öz çirkin arzusuna nail olmaq məqsədi daşıyır. “Ağstafada tender elanından sonra yaranan şirkət qalib gəldi” başlıqlı məqalə də bu qəbildən olan qarayaxmalardandır. Kotirovka sorğusu “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən deyil Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri tərəfindən verilmişdir. Satınalan təşkilatın tender keçirməsi Satınalmaların “etender.gov.az” rəsmi internet saytı vasitəsi ilə aparılır. Belə ki, satınalan təşkilat tender keçirilməsi barədə həmin saytda elan yerləşdirməklə iddiaçı təşkilatlara tenderdə iştirak etmək üçün tələb olunan sənədlər və görüləcək işlər haqqında məlumat verir. İxtisas uyğunluğuna aid sənədlərə malik olan istənilən təşkilatlar tenderdə iştirak etmək üçün iştirak haqqı ödənildikdən sonra birinci mərhələdə tələb olunan sənədləri və sonda qiymət cədvəli daxil olmaqla digər sənədləri rəsmi internet saytında yerləşdirirlər. Bu müddət ərzində əsaslı tələb və təklif olarsa satınalan təşkilat iddiaçılarla yalnız elektron poçt vasitəsi ilə əlaqə saxlayır və belə olmazsa tender qanuna müvafiq olaraq ləğv edilir. Sonda tender komissiyasının üzvləri tərəfindən qalib iddiaçı müəyyən edilərək yekun protokol tərtib edilir və həmin protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilir.
Satınalmaların düzgün həyata keçirilməsinin araşdırılması səlahiyyəti yerli icra hakimiyyəti başçısına deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aiddir. Jurnalist araşdırması aparılakən insanlarda çaşqınlıq yaradan böhtan xarakterli, aparılan işlərə kölgə salan yazıların obyektiv araşdırılması hər bir jurnalistin şərəfli işi olduğu üçün bu sahəyə diqqətinizin artırılması tövsiyə olunur.