Bu gün Ağstafanın da ümumi təhsil müəssisələrində “Son zəng” sədaları hər kəs üçün bayram ab-havası yaşatdı
İyunun 13-də 2025-2026-cı tədris ilinin başa çatması münasibəti ilə ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunun bütün ümumi təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri sevinclə kədərin qovuşduğu hisslərlə birincilərin və məzunların yaddaşlarında ömürlük iz buraxdı. Həsənsu kənd tam orta məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxışında bütün müəllimlər, valideynlər, birincilər və məzunlara bu əlamətdar gün münasibəti ilə təbriklərini çatdıraraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə elmə, təhsilə göstərdiyi yüksək dövlət qayğısı hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır, savadlı, intellektli və vətənpərvər nəslin yetişdirilməsi üçün bütün zəruri tədbirlər icra olunur. “Son zəng” sədalarının Böyük Qayıdış proqramı çərçivəsində artıq işğaldan azad edilmiş tarixi torpaqlarımızda ucalması hər kəsin qəlbində xüsusi qürur hissləri alovlandırır. Ümumtəhsil müəssisəsinin müəllim və şagirdlərinin hazırladığı “Son zəng” proqramı böyük rəğbətlə qarşılanıb.






