Bu gün müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünü qeyd edir
32 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutdu. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi.
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Təbii ki, ölkəmizin qüdrətini nnümayiş etdirən daha bir hadisə bu il sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır.