Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümüdür
21 noyabr 1992-ci il tarixində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmiş və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Partiya qısa müddətdə mütəşəkkil siyasi qüvvə kimi formalaşmış və yüz minlərlə insanı ətrafında birləşdirmişdir. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.