Dağ Kəsəmən kəndindən olan yaralı baş gizirimiz Əsgərov Fərid Mehman oğlunun ailəsi növbəti dəfə ziyarət olunub
Silahlı Qüvvələrimizin baş giziri, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, Ermənistanın 13 sentyabrda dövlət sərhədində törətdiyi hərbi təxribatın qarşısını alan zaman yaralanan Əsgərov Fərid Mehman oğlunun ailəsi növbəti dəfə ziyarət olunub.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun rəsmi şəxsləri ilə birlikdə hazırda Bakı şəhərində müalicəsi davam etdirilən Fəridin Dağ Kəsəmən kəndində yaşadığı evində ailə üzvlərini ziyarət edib.
Qeyd olunub ki, ordu sıralarında gizir rütbəsini şərəflə daşıyan Fəridin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və 13 sentyabrda dövlət sərhədimizdə Ermənistanın genişmiqyaslı hərbi təxribatının qarşısının alınmasında göstərdiyi sücaət onun Vətənə olan sonsuz məhəbbətinin təzahürüdür.
Baş gizirin atası Mehman Əsgərov bu cür vətənpərvər, mərd oğul böyütdüyünə və onun Vətən uğrunda göstərdiyi xidmətlərinə görə olunduğu təltiflərə görə qürur duyduğunu bildirib. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
1988-ci ildə Ağstafanın Dağ Kəsəmən kəndində dünyaya göz açan Fərid Əsgərov evlidir, bir qız övladı var.