Dörd il əvvəl şanlı hərb tariximizə Günnüt zəfəri kimi yazılmış əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış Adil Əli oğlu Tatarovun doğma Qıraq Kəsəmən kəndində il mərasimi keçirilib.
Azərbaycan Ordusunun əsgəri Adil Tatarov Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuş və ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalları ilə təltif olunub.
Bu gün Adilin məzarı və doğma evində ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə şəhidimizin ailə üzvləri, yaxınları, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib.
2018-ci il mayın 20-27-də keçirilən Günnüt əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi 26 illik işğaldan sonra azad edilib, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağları, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində 11 min hektarlıq ərazi İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolunun Azərbaycan Ordusunun nəzarətdə saxlamasına imkan verib. Bundan sonra ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə on kilometrlərlə yeni yol çəkilib, yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.