Düzqışlaq kəndindən olan Vətən müharibəsi şəhidimiz Taleh Zülfəli oğlu Namazovun rayon mərkəzində adına verilən küçədə barelyefinin açılışı olub
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Müşfiq Hüseynov, şəhidin atası Zülfəli Namazov və digərləri Talehin keçdiyi şərəfli döyüş və ömür yolundan, eləcə də ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından geniş söz açıblar. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşından heç bir zaman silinməyəcək.
28.07.1999-cu il tarixində Düzqışlaq kəndində dünyaya göz açan Taleh Namazov 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi iştirak edib. O, Füzulinin azadlığı uğrunda döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində torpağa tapşırılan şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!