Göycəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Turan Raqif oğlu Məmmədlinin şəhadətə ucalmasının ikinci ildönümündə əziz xatirəsi ehtirmla anılıb.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslərlə birlikdə Vətən oğlunun doğma evində ailəsini ziyarət edib. Turanın keçdiyi mənalı ömür yolu, eləcə də döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq nümünəsi bir daha böyük iftixarla xatırlanıb, şəhidlərimizin ruhuna dualar oxunub. Ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.
07.12.1993-cü ildə Göycəli kəndində dünyaya göz açan Turan Məmmədli 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi döyüşüb. Doğma kəndində torpağa tapşırılan şəhidimiz ölkəmizin suverenliyi naminə göstərdiyi misilsiz xidmətlərinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!