“Heydər Əliyev İli” çərçivəsində “Xocalı soyqırımına siyasi hüquqi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu” mövzusunda tədbir keçirilib
2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağstafa RİH başçısı aparatının məsul əməkdaşı İsa Məmmədov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Ağstafa RİH yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Tədbirdə çıxış edənlər, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Erməni faşizminin iç üzünü dünyaya açıb göstərən, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında geniş söz açıblar. Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə daxili sabitlik təmin olundu, siyasi, iqtisadi tənəzzülün qarşısı alındı. Eyni zamanda Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana çəkildi. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzalamışdır. Xalqımız hər ildönümündə Xocalı faciəsinin qurbanlarını yad edir, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı dövlətimiz tərəfindən respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu gün qürurla deyə bilərik ki, 44 günlük Vətən müharibəsindəki misilsiz qəhrəmanlıq nümunələri nümayiş etdirən Ordumuz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.