“Heydər Əliyev məktəbi”ndə növbəti dərs “Ulu Öndər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda keçirilib
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin nəzdində Ulu Öndərin zəngin irsinin böyüyən gənc nəslillərə aşılanması məqsədilə fəaliyyət göstərən “Heydər Əliyev məktəbi”ndə dərslər davam etdirilir. Növbəti dərsin iştirakçıları Yenigün kənd tam orta məktəbin yuxarı sinif şagirdləri olublar. Şagirdlər əvvəlcə Mərkəzə ekskursiya edib, müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Liderin keçdiyi şərəfli ömür yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında dəyərli məlumatlar əldə edərək dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkillərə tamaşa ediblər, eyni zamanda, Mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olublar.
Məktəbin tarix müəllimi Esmira Həsənova mövzuya dair geniş məruzə ilə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Bu gün tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Lider respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq, Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi.
Dərs prosesi Ulu Öndərə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.