“Heyvandarlıq sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzində KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Təşkil olunmuş görüşdə, KOBİA Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq strukturlarının məsul şəxsləri, “Turan Bank” ASC-nin Ağstafa filialının, “Bank Respublika” ASC-nin Qazax filialının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət və xidmət göstərən şirkətlərin əməkdaşları, həmçinin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər. Tədbirin məqsədi heyvandarlıq sahəsində sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti, onların göstərdikləri xidmətlər barədə geniş məlumat vermək, eləcə də bu sahədə əməkdaşlıq məsələlərini təşviq etmək olub.
Görüş zamanı sahibkarları maraqlandıran suallar cavblandırılıb. Heyvandarlıqda yerli heyvanların cins tərkibinin cırlaşması və cins heyvandarlığın inkişafının aşağı səviyyədə olması, yetişdirilən ətlik heyvanların ətlərinin və xırda buynuzlu heyvanların yunlarının təhvil verilməsi üçün tədarük məntəqələrinin olmaması, heyvan xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların keyfiyyətinin aşağı olması, heyvanların mütəmadi müalicəsi üçün peşəkar baytarların azlığı və iri buynuzlu heyvanlarda suni mayalanmanın həyata keçirilməsinin aşağı səviyyədə olması ilə bağlı müzakirələr aparılmış və həlli istiqamətində fikirlər bildirimişdir.