Kolxəlfəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Elşən Şəfalət oğlu Piriyevin şəhadətə uclamasından iki il ötür
Şəhidimizin anım günündə Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Vətən oğlunun doğma evində növbəti dəfə ailəsini ziyarət edib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi sücaət göstərən Elşən Piriyevin keçdiyi mənalı ömür və şərəfli döyüş yollarından geniş bəhs olunub. Şəhidimizin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
24.09.1989-cu il tarixində Kolxəlfəli kəndində dünyaya göz açan şəhidimiz Vətən uğrunda göstərdiyi misilsiz xidmətlərinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Qubadlının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, eləcə də "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunub.
Evli olan şəhidimizin özündən sonra bir oğul və bir qız övladı yadigar qaldı.
Allah şəhidlərimizə rəhmət eləsin!