Məişətdə yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar FHN-in əhaliyə müraciəti
04 aprel 2024 | 10:57
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlillərə görə, yaşayış sektorunda yanğınların böyük hissəsi məişət cihazlarından düzgün istifadə edilməməsi səbəbindən baş verir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir:
- qeyri-standart, nasaz elektrik və qaz qızdırıcılarından istifadə etməyin;
- işlək qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın;
- elektrik və qaz cihazlarından istifadəni uşaqlara qadağan edin;
- elektrik və qaz cihazlarını yanar əşyalardan uzaq yerləşdirin;
- elektrik uzadıcısı və ya yuvasına çox sayda elektrik cihazını eyni anda qoşmayın;
- evi tərk edərkən qaz cihazlarını söndürün, elektrik avadanlıqlarını şəbəkədən ayırın!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!