Muğanlı kəndindən olan Vətən müharibəsi könüllüsü, şəhid Aqil Fazil oğlu Bağırovun doğum günündə xatirəsi dərin ehtiramla anılıb.
01 may 2022 | 14:25
Bu əlamətdar gündə Vətən oğlunun məzarı və doğma evində ailəsi ziyarət olunub. Aqilin anım günündə ailə üzvləri və yaxınları ilə birlikdə, rayonun bir sıra məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin keçdiyi şərəfli ömür və döyüş yolundan, vətənə, torpağa olan sonsuz sevgisindən, hər bir azərbaycanlı gənc üçün örnəyə çevrilən qəhrəmanlıq nümunəsindən geniş bəhs olunub. Şəhidlərin ruhuna dualar oxunub.
1995-ci ilin mayında Muğanlıda dünyaya göz açan Aqil Bağırov, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi könüllü olaraq savaşıb. O, oktyabrın 27-də Füzulinin azadlığı uğrunda döyüş tapşırığını şərəflə yerinə-yetirərkən şəhadətə ucalıb. Doğma kəndində torpağa tapşırılan Aqil, Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah şəhidlərimizə rəhmət etsin!